Bütün valideynlərin arzusu övladlarının sağlam, ağıllı, ətraf mühitlə harmoniyada böyüməsidir. Möhkəm immunitetə malik və düzgün qida vərdişləri olan güclü və fəal uşaq böyütmək istəyən hər ana və ata anlamalıdır ki, ən vacib şərtlərdən biri – balalarının vaxtında və lazımı miqdarda zəruri qida maddələri ilə "təchiz edilməsidir". Faydalı və balanslaşdırılmış qidalanma orqanizmi normal həyat fəaliyyəti üçün vacib olan nutriyentlərlə (zülallarla, yağlarla, karbohidratlarla, vitaminlərlə, minerallarla, makro- və mikroelementlərlə) təmin edir. Bu zaman uşağın inkişaf edən orqanizminin nutriyentlərə olan tələbatı böyüklərin təlabatından fərqlənir. Deməli, “balaca adamın” menyusu xüsusi olmalıdır- artıq körpə üçün deyil və tam da böyüklər üçün olmamalıdır. Balacanın menyusunu təşkil edərək, unutmayın ki, formalaşdırdığınız yemək vərdişləri onu ömür boyu müşayiət edəcək!
Uşağın həyatında onun qida rasionuna xüsusi yanaşma ilə bağlı ən azı iki vacib keçid dövrü var. İlk dövr uşağın 6-9 ayına düşür- tədricən əlavə qida məhsulları almağa başlayan zaman. İkinci dövr 1 -3 yaş arasıdır ki, bu zaman uşaq hələ "böyük" qidaya tam hazır deyil, lakin eyni zamanda onun sürətlə böyüyən orqanizmi keyfiyyətli, balanslaşdırılmış qidalanmaya ehtiyac duyur.
Maraqlıdır ki, qidanın dəyərliliyi qida məhsullarında olan makronutriyentlərin (zülallar, yağlar, karbohidratlar) miqdarı və nisbətindən daha çox mikronutriyentlərın - ilk növbədə vitaminlərin, makro- və mikroelementlərin, miqdarı ilə bağlıdır ki, bu da onların orqanizmdə xüsusi rolunu vurğulayır.
"Mikronutriyentlər" nədir?
Mikronutriyentlər- qidaların tərkibində çox az miqdarda (milliqram və ya mikroqramm) olan qida maddələridir. Bununla belə, onlar bütün biokimyəvi proseslərdə çox mühüm rol oynayır. Bu maddələrin çatışmazlığı körpənin orqanizmi üçün çox ağır nəticələrə gətirib çıxara bilər. Statistikaya görə, mikronutriyent çatışmazlığı üzrə risk qrupuna 3 yaşa qədər uşaqlar, 5-7 yaşlı məktəbəqədər uşaqlar və 11-15 yaşlı yeniyetmələr aiddir. Xüsusi risk qrupunu tez-tez xəstələnən uşaqlar təşkil edir.
Həyatın ilk 6 ayında körpə üçün mikronutriyentlərin ideal mənbəyi ana südüdür. Ana südünün tərkibinə onun qidasının xarakteri böyük təsir göstərir. Lakin 6 aydan sonra, balacaya əlavə qida verməyə başlandığı andan, nutriyentlərlə təminatda qidanın tərkibi əsas rol oynayır.
Keçid dövründə əvəzolunmayan, insan orqanizmində istehsal olunmayan, mikronutriyentlərin ("essential") qida ilə qəbul olunması böyük əhəmiyyət daşıyır. Bunlara ilk növbədə vitaminlər və polidoymamış yağ turşuları (PDYT) aiddir.
Vitaminlər - əvəzolunmaz qida amilləri qrupudur, onları orqanizm ya heç ya da kifayət qədər istehsal etmir, ona görə də onlar orqanizmə qida ilə daxil olmalıdır. Yal-hazırda bu qrupa 13 birləşmə aiddir: yağda həllolunan vitaminlər (A, E, D, K vitaminləri) və suda həllolunan C, В1, В2, В6, В12, fol, nikotin, pantoten turşuları və biotin. Orqanizmdə vitamin iştirakı olmadan gedən proseslər demək olar ki, yoxdur, ona görə də onların çatışmazlığı bir çox orqanların fəaliyyətində xoşagəlməz dəyişikliklər yaradır, bu da uşağın kövrək orqanizmı üçün xüsusilə təhlükəlidir. Vitaminlər sinir, ürək-damar və həzm sistemlərinin normal işləməsi, inkişaf prosesləri, normal qanyaranmanın təmin edilməsi ; müxtəlif hormonlar istehsal edən daxili sekresiya vəzilərinin fəaliyyəti, görmə qabiliyyətini dəstəkləmək üçün həddindən artıq vacibdir. İmmun proseslərdə, müxtəlif infeksiyalara, zəhərli təsirlərə, radioaktiv şualanmaya və başqa xoşagəlməz xarici amillərə qarşı dözümlülüyü dəstəkləmədə vitaminlərin mühüm rolu şübhəsizdir.
Başqa vacib mikronutriyentlərə polidoymamış yağ turşuları (PDYT) aiddir ki, bu maddələr barədə son vaxtlar çox yazılır və biz onları ω-3 и ω-6 yağ turşuları kimi tanıyırıq. PDYT əvəzolunmaz sayılır, çünki onların istehsalı üçün insan hüceyrələrində xüsusi fermentlər yoxdur. PDYT bitki yağlarında, balıqda, dəniz məhsullarında, qozda və digər məhsullarda mövcuddur. Bu maddələr bütün orqanizmin funksiyasının tənzimlənməsində fəal rol oynayırlar. Dölün və südəmər uşaqların mərkəzi sinir sisteminin və koqnitiv qabiliyyətin (diqqət, yaddaş, nitq qabiliyyəti və s.) formalaşmasında və göz funksiyasının inkişafında uzunzəncirli PDYTlar xüsusi rol oynayır. Məlumdur ki, insan beyninın 60% yağlardan ibarətdir.Eyni zamanda, yağların ümumi miqdarının təxmini 30% məhz PDYT payına düşür.
Toxumalarda PDYT toplanması (əsasən, beyində) bütün hamiləlik müddətində (üçüncü rübdə daha sürətlə) və uşağın ilk 1,5 yaşında baş verir. Doğuşdan sonra körpə onları ana südü ilə alır. PDYT yalnız xaricdən qida ilə daxil ola bildiyinə görə, həyatının ilk illərində körpənin qidalanmasında bu maddələrin çatışmazlığı uşağın fiziki və sinir-psixi inkişafında pozulmalara gətirib çıxara bilər.
Çox vaxt biz makro- və mikroelementlər haqqında eşidirik. Onlar nə üçün belə vacibdir?
Makro- və mikroelementlər insan orqanizmində mühüm funksiyaları yerinə yetirir. Məlum olmuşdur ki, 32 element əhəmiyyətli hesab olunur, onlardan daha vacib olan aşağıdakılardır.
Kalsium- sümük və dişlərin əsas komponentidir, əzələlərin yığılma və böşalmasını tənzimləyir; fosfor- kalsium fosfat şəklində sümük matriksinin tərkib hissəsidir, hüceyrə divarlarının və sinir sonluqlarının tərkibinə daxildir; manqan da sümüklərin normal qurumunun formalaşması üçün vacidir. Dəmir hemoqlobinin, və qırmızı qan hüceyrələrinin tərkib hissəsi olub oksigen nəqliyyatında mühüm rol oynayır, infeksiyalardan qorunma amillərinin fəallığını təmin edir. Mis dəmirin səfərbər olunmasında iştirak edir, sinir sisteminin fəaliyyətini tənzimləyir. Dəmir, mis, selen və maqnezium 300-dən artıq fermentlərin fəallaşdıran amillərdir (“kofaktorlar”). Maqnezium orqanizmdə fizioloji və biokimyəvi proseslərin universal tənzimləyicisidir, güclü stress əleyhinə amildir. Bəzi elementlər hormonların tərkibinə daxildir. Məsələn, yod qalxanabənzər vəzin hormonlarının tərkibinə daxildir. Bu maddəyə koqnitiv qabiliyyətlərin lazımı səviyyədə inkişafında və qorunmasında əsas rol ayrılır. Bununla yanaşı, ÜST-nin (Ümumdünya Səhiyyə Təşkilatının) məlumatına görə, dünya əhalisinin 30% -da yod defisiti ilə bağlı xəstəliklərin inkişafı riski var. Selen bir sıra hormonlar və fermentlərin tərkibinə daxildir, güclü antioksidantdır, immun sisteminin fəaliyyətində yaxından iştirak edir. Sink- adaptogen olaraq, antioksidant xüsusiyyətlərinə malikdir, immunitet, qara ciyərdən A vitamininin səfərbərliyi, eritrositlərinin əmələ gəlməsi üçün vacibdir. Xrom yağlar və karbohidratların metabolizmində və insulin sintezində iştirak edir. Antioksidant müdafiəsini təmin edən mikronutriyentlər xüsusi əhəmiyyətlidir. Onlar " mikronutriyentlər - antioksidantlar " adlanır və hüceyrə və toxumaları zədələyən sərbəst radikallara qarşı cıxış edirlər. Ən məşhur mikronutriyentlər - antioksidantlar A, C, E vitaminləri və selendir.
Vitaminlər, minerallar və digər nutriyentlər uşaq və yeniyetmə orqanizmi üçün xüsusilə vacibdir ki, uşaqların sürətli inkişafı və mübadilə proseslərinin xüsusiyyətləri ilə bağlıdır. Mikronutriyentlərin kifayət qədər qəbul olunmaması immun sisteminin fəallığını azaldır, tənəffüs və mədə-bağırsaq xəstəliklərinin tezliyini artırır, məktəbdə şagirdlərin dərsə davamiyyətini xeyli pisləşdirir. Kalsiumun və onun mənimsənilməsi üçün lazım olan D, C və B qrupu vitaminlərinin çatışmazlığı raxitik dəyişikliklərin əmələ gəlməsi riskini artırır, yeniyetmə dövründə skeletin optimal çəki və sıxlığa nail olmasına maneə olur. Yod çatışmazlığı boydan geri qalma probleminə, psixomotor inkişafın pozulmasına, qalxanabənzər vəzin xəstəliklərinin inkişafına səbəb olur. Dəmir çatışmazlığı anemiyanın (qan azlığı) gizli və aşkar formalarının yaranmasına gətirib çıxarır.
Bütün qida məhsullarının tərkibində hər hansı mikronutriyent var. Quşların qaraciyəri, böyrəyi və ürəyi, döş əti, mal əti (əsasən, “can əti”), göbələk, dəniz məhsulları, yumurta A vitamininin, selenin, sinkin mənbəyi ola bilər. A vitamininin sələfi olan beta-karotinlə sarı, çəhrayı, qırmızı və tünd-yaşıl rəngdə meyvə və tərəvəz (kök, balqabaq, şaftalı, ərik, ispanaq, brokkoli, pomidor) zəngindir. Kivi, portağal, qreypfrut, çiyələk, qırmızı və yaşıl şirin bibər, qırmızı və qara qarağat, bəzi başqa meyvə və tərəvəzlər C vitamininin əsas mənbəyi ola bilər.
Buna görə də uşaq rasionunda mütləq olmalıdır: ət (B qrup vitaminlər mənbəyi qrup , dəmir, sink), süd və süd məhsulları (fosfor, kalsium, D vitamininin mənbəyi) həftədə 1-2 dəfə balıq və dəniz məhsulları (vitamin A, E, D, yod, sink, selen, PDYT mənbələri), meyvə və tərəvəzlər (C vitamini, B qrup vitaminlər, kalsium, maqnezium, beta-karotin mənbələri), kərə yağı (vitaminlər A, E, D).
Beləliklə, böyüyən körpəyə hansı nutrientlərin lazım olmasını, müxtəlif qida məhsullarının tərkibinə hansı maddələrin daxil olmasını, onların orqanizmdə hansı funksiyaları yerinə yetirməsini bilərək, Siz öz uşağınız üçün tam faydalı menyu tərtib edə bilərsiniz.
Körpənizi düzgün qidalandırın!